REGİONLAR


Şəkili gənc şəbəkə ustası: “ABAD”la əməkdaşlıqdan sonra sifarişlərimiz çoxalıb VİDEO

Şəki, 9 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə el sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən istedadlı gənclərdən biri də şəbəkə ustası Vüqar Rəsulzadədir. Azərbaycanın tanınmış şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar uşaq yaşlarından bu qədim el sənətinə böyük maraq göstərib. Babası Əşrəf Rəsulovun, atası Tofik ustanın sənət yolunu uğurla davam etdirərək, şəbəkə sənətinin incəliklərinə, sirlərinə dərindən yiyələnən Vüqar bu gün təkcə Şəkidə deyil, həm də bütün respublikada tanınır.

Gənc şəbəkə ustası iki ilə yaxındır ki, “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulub. “ABAD”la əməkdaşlıqdan məmnunluğunu ifadə edən Vüqar Rəsulzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Bu sənət mənə babalarımdan keçib. Babam Əşrəf Rəsulov Azərbaycanın tanınmış şəbəkə ustalarından biri olub. O, vaxtilə ölkəmizin nadir tarixi-memarlıq abidələrindən olan Şəki xanlarının sarayının şəbəkələrinin bərpası işlərini həyata keçirib. Atam Tofik Rəsulov da 2000-2003-cü illərdə Xan sarayının bərpasında yaxından iştirak edib. Hazırda mən və qardaşım İlqar qədimdən bu günümüzə miras qalmış şəbəkə sənətini yaşatmaq üçün ata-babalarımızın sənət ənənələrini böyük həvəslə davam etdirir və bundan qürur hissi keçiririk”.

Gənc olmasına baxmayaraq, Vüqar Rəsulzadə şəbəkə sənətində artıq bir çox uğurlara imza atıb. O, dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak edib, diplomlarla təltif olunub. Ən böyük uğuru isə 2016-cı ildə Azərbaycanda “İlin gənci” seçilməsi olub.

“ABAD”la əməkdaşlığın yaradıcılığına, əl işlərinin daha geniş tanınmasına müsbət təsir göstərdiyini vurğulayan şəkili sənətkar deyib: “Əvvəllər hazırladığım şəbəkə nümunələri ilə yalnız Şəkiyə gələn yerli və xarici turistlər maraqlanırdılar. “ABAD” ailəsinin üzvü olduqdan sonra hazırladığım şəbəkə-suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də sərgi-satışa çıxarılır. Xarici turistlərin şəbəkə sənətinə belə maraq göstərmələri məni çox sevindirir. Onlar əl işlərimi böyük həvəslə alırlar”.

Şəbəkə ustasının bildirdiyinə görə, “ABAD”a təqdim etdiyi kiçikölçülü suvenir-şəbəkələrin qiyməti 10 manatdan başlayır. Dizayn və formasından asılı olaraq qiymətlər dəyişir. Kiçik suvenirlər iki-üç günə hazırlanır. Nisbətən böyük suvenirlərin üzərində isə azı bir həftə işləmək lazımdır. “Şəbəkə sənəti çox dəqiqlik tələb edən bir sənətdir. Hər hansı bir detalda 0,5 millimetrlik xəta etsən, şəbəkəni quraşdırmaq mümkün olmaz”, - deyə sənətkar bildirib.

Vüqar Rəsulzadə “ABAD”la əməkdaşlığı gələcəkdə daha da genişləndirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.