REGİONLAR
Şəkili gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar
Şəki, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəkili gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə yollanırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə iyulun 10-da Şəki şəhərində keçirilən təntənəli mərasimdə səsləndirilib.
Şəhər rəhbərliyi və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz gözəl bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Doğma Vətənimizin bir qarış torpağının belə düşmən tapdağında qalmaması üçün Silahlı Qüvvələrin şəxsi heyəti daim döyüş əzmini möhkəmləndirir, ordumuz ən müasir döyüş texnikaları ilə təchiz olunur. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin çox müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib, sağ-salamat evə qayıtmalarını arzulayıb.
Hərbi xidmətə yollanan gənclər Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Məktəblilərin təqdim etdiyi bədii proqramdan sonra gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşüblər.