REGİONLAR


Şəkili heyvandarlar qışlamaya ciddi hazırlaşırlar

Şəki, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəkinin heyvandarlıq təsərrüfatlarında qışa hazırlıq işləri başa çatdırılıb. Heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün zəruri yem ehtiyatı yaradıblar. Qışlamanın təşkili məqsədilə fermerlər tərəfindən 118 min ton qaba və 96 min ton qüvvəli yem, həmçinin 550 ton silos istehsal edilib. Hər baş şərti mal üçün 21,5 sentner yem vahidi tədarük olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurum rəsmisi bildirib ki, heyvandarlıqda qışa hazırlığın əsasını yem tədarükü təşkil edir. Möhkəm yem bazasının təşkili və istehsal olunan yemlərin keyfiyyəti heyvandarlıqda məhsul bolluğunun yaradılmasının əsas şərtlərindəndir. Eyni zamanda, mövcud qış otlaqları və kənd ətrafı örüşlər də yem bazasının əsasını təşkil edən amillərdəndir.

Sektor müdirinin məlumatına görə, hazırda rayonun təsərrüfatlarında 69 min 577 baş iribuynuzlu mal-qara, o cümlədən 35 min 84 baş ana mal, 302 min 893 baş xırdabuynuzlu heyvan və 282 min 827 baş müxtəlif növ quşlar var. Mövcud heyvanların 96,6 faizi əhali, 3,2 faizi sahibkarlıq, 0,2 faizi isə dövlət təsərrüfatlarına aiddir. Cari ilin doqquz ayında rayonda 8 min 667 ton ət, 49 min 485 ton süd, 21 milyon 150 min ədəd yumurta, 490 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 291 ton, süd istehsalı 1212 ton, yumurta istehsalı 516 min ədəd, yun istehsalı isə 8,7 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.