REGİONLAR


Şəkili kümçü: Səyyar kümxana çadırları verilərsə, məhsul istehsalı daha çox artar

Şəki, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəki rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

Rayonun Böyük Dəhnə kənd sakini Alı Əliyev uzun illər fasilədən sonra üçüncü ildir ki, yenidən baramaçılıqla məşğul olur. Əliyevlər ailəsi ötən il 2 qutu, yəni 40 qrama yaxın ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 120 kiloqram yaş barama istehsal edib.

Alı Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Baramaçılıq əvvəllər də Böyük Dəhnə kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri olub. Kolxoz və sovxozların ləğvindən sonra bu sahəyə diqqət tamamilə zəifləmişdi. Sevindirici haldır ki, Prezidentimizin diqqət və qayğısı sayəsində baramaçılıq yenidən öz inkişaf dövrünü yaşayır. İndi kəndimizdə onlarla ailə baramaçılıqla məşğul olur. Kümçülərimiz 2017-ci ildə 6 ton, ötən il isə 7 ton yaş barama istehsal ediblər. Keçən il bu ailələr baramaçılıqdan, ümumilikdə, 63 min manat gəlir götürüblər. Mən təkcə bir ay ərzində barama saxlamaqla ailə büdcəmi 1000 manatdan çox artırdım. Yaş baramanın bir kiloqramının qiymətinin 9 manat olması, kənd əhalisinin bu sahəyə marağını daha da artırıb”.

Bu il barama istehsalını 150 kiloqrama çatdırmağı planlaşdırdığını bildirən şəkili kümçü deyib: “Baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tezliklə öz müsbət nəticəsini göstərəcək. Mövsüm zamanı istehsalçılara səyyar kümxana çadırları verilərsə, işimiz asanlaşar, məhsul istehsalı daha çox artar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.