REGİONLAR
Şəkili kümçülər indiyədək 48 tonadək yaş barama təhvil veriblər
Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunda istehsalçılardan barama tədarükü yekunlaşmaq üzrədir. Kümçülər indiyədək qəbul məntəqəsinə 47 ton 890 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC -ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 395 kümçü ilə müqavilə bağlanılıb, onlara 1800 qutu, yəni 34,2 kiloqram ipəkqurdu paylanılıb.
Cumakənd kənd sakini İmam Şahmirov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 316 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 6 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub.
Kiçik Dəhnə kəndindən İbrahimxəlil Əliyev builki mövsümdə 300 kiloqram, həmin kəndin digər sakinləri Qərənfil Mənəfzadə 256 kiloqram, Aybəniz Cabbarova 252,5 kiloqram yaş barama istehsal ediblər. Böyük Dəhnə kəndindən Quzubala Allahverdiyev isə cari mövsümdə 4 qutu ipəkqurdu toxumu bəsləyib və 230,6 kiloqram yaş barama istehsal etməyə müvəffəq olub.