REGİONLAR


Şəkili sənətkar Yeganə Salamova: Təkəlduz sənəti həyatımın bir hissəsidir

Şəki, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin çox qədim tarixi var. Xalq sənətinin geniş yayılmış növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi tanınan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Onların bəziləri üçün təkəlduz sənəti, sadəcə, sevdikləri məşğuliyyət növüdür. Digərləri isə bu sənətlə həm də qazanc əldə etmək məqsədi ilə məşğul olurlar.

Şəkidə yaxşı tanınan təkəlduz ustalarından biri də Yeganə Salamovadır. Onunla “Yuxarı Karvansaray” mehmanxana kompleksində yerləşən mağaza-emalatxanada görüşdük. Bura, eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır.

Yeganə xanım təkəlduz sənəti ilə 21 ildir ki, məşğul olur. Dediyinə görə, uşaq yaşlarından rəssamlığa, bədii tikməyə maraq göstərib. Məktəbdə oxuyarkən rəsm dərnəyinə üzv yazılıb. Valideynləri ona paltar alanda mütləq üzərinə, yaxasına naxış tikirmiş ki, başqa uşaqlardan seçilsin. “Mən bu sənətin sirlərini, incəliklərini öz üzərimdə işləyərək öyrənmişəm. Heç bir ustadım, müəllimim olmayıb. Uşaqlıqdan hiss edirdim ki, bu sənət elə mənim üçündür və bu sahədə uğur qazana bilərəm. Yorulmadan çalışırdım. Nəhayət istəyimə nail oldum və artıq neçə ildir ki, təkəlduz sənəti mənim həyatımın bir hissəsinə çevrilib. Bu sənəti sevirəm”, - deyə sənətkar vurğulayıb.

Təkəlduz sənətinin çox çətin bir peşə olduğunu qeyd edən Yeganə Salamova bildirib ki, kiçik həcmli işlər bir neçə həftəyə, böyük ölçülü işlər isə 5-6 aya, bəzən də daha uzun müddətə ərsəyə gəlir. Əl işlərini hazırlayarkən turistlərin marağını nəzərə alaraq kiçik həcmli işlərə üstünlük verir. Qiymətlər əsərlərin ölçülərinə görə 50 manatdan 1500-2000 manatadək dəyişir. “Tanrıya şükürlər olsun, qazancımız pis deyil, çörək pulumuzu çıxarırıq. Düzdür, son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar turistlərin gəlişində xeyli azalma oldu. Təbii ki, bu, biz sənətkarların da fəaliyyətinə, qazancına öz təsirini göstərdi. Ümid edirik ki, tezliklə hər şey qaydasına düşəcək, həyat əvvəlki axarı ilə davam edəcək”, - deyə Yeganə Salamova əlavə edib.

Təkəlduz ustası vaxtaşırı olaraq respublikamızın paytaxtında, eləcə də bölgələrdə təşkil olunan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilərdə iştirak edir, uğur qazanır. Dəfələrlə belə sərgilərin diplomlarına layiq görülüb. Onun əl işləri hər il Bakıda keçirilən Novruz şənliklərində də nümayiş olunub.

“Mən çox sevinirəm ki, Türkiyənin o vaxtkı Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birlikdə 2012-ci il sentyabrın 12-də Şəkidə olarkən şəhərlə tanışlıq zamanı mənim mağazama da baş çəkib, səmimi söhbət ediblər. Onlara öz əl işlərimdən hədiyyələr də vermişəm. Bu xoşbəxt anlar heç zaman yaddaşımdan silinməyəcək”, - deyə Yeganə Salamova vurğulayıb.

Yeganə xanımın üç övladı – bir oğlu, iki qızı var. Qızları anasının sənətinə uyğun ixtisas seçiblər. Modelyer-dizayner və memarlıq ixtisasları üzrə ali təhsil alıblar. Qızlarından biri hazırda “ABAD”la əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.