REGİONLAR


Şəkili usta Tofik Rəsulov dünyada bənzəri olmayan xalçavari şəbəkə hazırlayır VİDEO

Şəki, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidən olan tanınmış şəbəkə ustası Tofik Rəsulov ilk dəfə xalçavari şəbəkə hazırlayır. Sənətkarın üç aydan bəri üzərində işlədiyi böyük ölçülü, mürəkkəb kompozisiyalı yeni şəbəkə tezliklə sənətsevərlərə təqdim olunacaq. Uzunluğu 3, hündürlüyü 2 metr olan xalçavari şəbəkənin hazırlanmasında 30 mindən çox taxta hissə və rəngli şüşədən istifadə edilib. İndidən əminliklə söyləmək olar ki, şəkili sənətkarın bu bənzərsiz sənət əsəri görənlərin böyük marağına səbəb olacaq.

AZƏRTAC-ın bölgə müxbiri Tofik Rəsulovun emalatxanasında olub, iş prosesini izləyib, ustanın hazırladığı yeni sənət əsərinin digər şəbəkələrdən fərqli xüsusiyyətləri ilə maraqlanıb.

Usta bildirib ki, bütün sənət növləri kimi, şəbəkə sənəti də daim inkişaf etməlidir: “Sənətkar yerində saymamalı, daim yeniliyə can atmalı, yeni forma və üslublar axtarıb tapmalıdır. Şükürlər olsun ki, bu gün Azərbaycanda, eləcə də sənətkarlar diyarı olan Şəkidə qədim el sənəti şəbəkə inkişaf etdirilir. Gənclərin bu sahəyə marağı getdikcə artır, şəbəkə ustalarının yeni nəsli yetişir. Fikirləşdim ki, mən də yeni forma və dizaynda mürəkkəb bir şəbəkə nümunəsi hazırlayım. Şəbəkənin hazırlanmasında əsasən xalça ornamentlərindən istifadə olunur. Detallar bir-birinə xalçada olduğu kimi, toxuma üsulu ilə birləşdirilir, yapışqandan, mismardan, digər bərkidici materiallardan istifadə edilmir”.

Sənətkar deyib ki, yeni əsər ilk dəfə sənətsevərlərə Gənclər və İdman Nazirliyinin fevralda Bakıda təşkil edəcəyi şəbəkə sərgisində təqdim olunacaq. “Rəsulovlar şəbəkəsi və gənc nəsil” adlanacaq bu sərgidə Tofik Rəsulov və onun şəbəkə ustaları kimi tanınan oğullarının 40-dək əl işi nümayiş etdiriləcək. Ustanın sözlərinə görə, belə bir böyük şəbəkə sərgisi ilk dəfə sovetlər dönəmində təşkil olunub və Şəkinin tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun yaradıcılığına həsr edilib. Həmin vaxtdan indiyədək Azərbaycanda belə sərgi təşkil olunmayıb.

Bakıdan sonra bu sərginin Şəkidə və bir neçə xarici ölkədə təşkil edilməsi də planlaşdırılır.

Qeyd edək ki, Tofik Rəsulov Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. O, 40 ildən çoxdur bu qədim el sənəti ilə məşğul olur. Sənətkarın hazırladığı şəbəkə nümunələri dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Usta Şəki xanlarının sarayının, Şəkixanovların evinin, Gəncədə "Şah Abbas”, Bərdədə "İmamzadə” məscidlərinin bərpasında da yaxından iştirak edib. Hazırda onun övladları da şəbəkə sənətini böyük sevgi ilə yaşadırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.