REGİONLAR
Şəkinin “Pəhləvanlar” ailə sirk kollektivi “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub
Şəki, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkə ərazisində tətbiq edilən sosial karantin rejimi ilə əlaqədar Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülmüş “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan kollektivlərdən biri də Şəki şəhərindəki M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəhləvanlar” ailə sirk kollektividir.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycanın məşhur pəhləvanlarından olan şəkili Gəray Pəhləvanın oğulları və nəvələri – Haldun, Seyhun, Nihal və Məhəmməd Löymanovlar koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilən karantin tədbirlərini nəzərə alaraq, ev şəraitində nümayiş etdirdikləri təhlükəli pəhləvan tryuklarının videogörüntülərini sosial şəbəkələrdə yayımlamaqla təşəbbüsə qoşulduqlarını bəyan ediblər. Pəhləvanlar bütün vətəndaşları, eləcə də sənət adamlarını karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə səsləyiblər.