REGİONLAR
Şəkinin Qoxmuq kəndində təşkil olunan “Yay məktəbi”ndə yüzdən çox şagird iştirak edir
Şəki, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində ödənişsiz və könüllü əsaslarla təşkil edilən “Yay məktəbi”nə 100-dən çox şagird qoşulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məktəbin direktoru Kəmalə Həsənova məlumat verib.
Direktor bildirib ki, şagirdlərin yay günlərinin səmərəli təşkili məqsədilə dərslər sinif otaqları ilə yanaşı, açıq hava şəraitində də təşkil olunur. Eyni zamanda, “Yay məktəbi” iştirakçılarının daha çox maraq göstərdikləri sahələrə, məkanlara ekskursiyalar da təşkil edilir. Rayondakı “Bio Garden” bağına, Mərkəzi Qan Bankının Şəki bölməsinə ekskursiyalar şagirdlərin xüsusilə böyük marağına səbəb olub.
Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. “Yay məktəbi” şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsinə xidmət edir. Şagirdlər iyunun 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.