Şəkinin kəndlərində dörd yeni məktəb binası tikilir
AzerTAg.az
Şəki, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun Cəyirli kəndində tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilən 432 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. Dörd korpusdan ibarət olan ikimərtəbəli məktəb binasında hazırda son tamamlama işləri görülür, həyət abadlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, rayonun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına inşa edilən 432, 360 və 132 şagird yerlik yeni məktəb binalarında da tikinti işləri artıq yekunlaşmaq üzrədir. Təhsil Nazirliyinin sifarişi ilə müasir standartlara uyğun inşa edilən hər üç məktəb binası ikimərtəbəlidir.
Qeyd edək ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış, uzun illər istifadə edildiyindən son vaxtlar yararsız vəziyyətə düşmüş binalarda fəaliyyət göstərib.
Ümumiyyətlə, son illər Şəki rayonunda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.





Xəbərin mətnində orfoqrafik səhv var