REGİONLAR
Şəkinin qoyunçuluq təsərrüfatlarında döl kampaniyası başa çatmaq üzrədir
Şəki, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun şəxsi və fermer təsərrüfatlarında qoyunçuluqda ən məsul dövr hesab olunan döl kampaniyası – quzualma dövrü başa çatmaq üzrədir.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, heyvandarlar cari qışlama dövrünə ciddi hazırlaşıblar. Təsərrüfatlarda mövcud olan 182 min 333 baş davarın 105 min 415 başını ana qoyun və keçilər təşkil edir. Şəxsi və fermer təsərrüfatlarında mövcud olan davarlardan 31 min 200 başı qışlama dövründə qış otlaqlarından istifadə edir. Qalan 151 min başdan çox heyvan isə kəndətrafı örüş sahələrində və dağətəyi ərazilərdə otarılır.
Sektor müdirinin sözlərinə görə, heyvanların qışlamadan salamat və gümrah çıxması, həmçinin döl kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq məqsədilə qış yataqlarında lazımi qədər qaba və qüvvəli yem tədarük olunub, 261 hektarda xəsil arpa səpini aparılıb. Müşahidələr göstərir ki, qışlama dövründə heyvanların yemlə təminatında heç bir problem yaranmayıb. Mövcud qış yataqlarında tövlələr, ağıllar və qoyun qaşarları (yataqlar) mexaniki üsulla təmizlənib, peyin biokimyəvi zərərsizləşdirmək üçün fermadan kənar əraziyə daşınıb. Qaşar sahiblərinin müraciətləri əsasında rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi tərəfindən mexaniki təmizlənmiş 22,4 min kvadratmetrdən çox ərazidə profilaktiki dezinfeksiya işləri aparılıb.
“Bunun nəticəsidir ki, rayonda döl kampaniyası müvəffəqiyyətlə davam edir. İndiyədək doğar qoyun və keçilərin 87 faizdən çoxu bala verib. Döl kampaniyasının sonunadək qoyunçuluqda 92 faizə yaxın quzu və çəpiş alınması gözlənilir”,- deyə Nazim Rəcəbov əlavə edib.