REGİONLAR
Şəkinin taxıl sahələrində fitosanitar tədbirlər gücləndirilib
Şəki, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2017-ci ilin məhsulu üçün 68 min 514 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 47 min 669 hektarını buğda, 20 min 404 hektarını arpa, 441 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Hazırda taxıl sahələrində fitosanitar tədbirlər davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək rayonun təsərrüfatlarında 6500 hektar sahədə siçanabənzər gəmiricilərə, 2500 hektar sahədə isə taxıl böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsinə başlanılacaq.