REGİONLAR
Şəkiyə gələn turistlər at üstə gəzintidən böyük zövq alacaqlar VİDEO
Şəki, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi yay aylarında Şəkiyə gələn yerli və xarici turistlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək məqsədilə yeni layihəyə - at üzərində gəzintilərin təşkilinə start verib.
AZƏRTAC xəbər verir ki, iyunun 17-də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda, qədim Qala divarlarının ərazisində layihənin təqdimatı olub.
Yerli sakinlərin və qonaqların iştirak etdiyi tədbirdə bildirilib ki, atla gəzinti fəal istirahət növüdür. Bu istirahət insanları ruhlandırır, stressdən, yorğunluqdan azad edir, onların əhval-ruhiyyəsini yüksəldir.
Layihə barədə məlumat verən şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Şəkiyə gələn turistlərin ən çox üz tutduqları məkanlardan biridir. Şöbə tərəfindən tərtib edilən tədbirlər planına uyğun olaraq, hər gün burada müxtəlif mədəni tədbirlər təşkil edilir. Turistlər üçün at gəzintisi yeni təşəbbüsdür. Əsas məqsəd turistləri atçılıq turizmi barədə məlumatlandırmaq, onlara at üstə gəzməyi öyrətməkdir.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov isə deyib ki, turistlərə at üstə gəzməyi mərkəzin təcrübəli məsləhətçiləri öyrədəcək və gəzinti boyu onları sığortalayacaqlar. Turistlər atla qoruğun bütün ərazisini gəzə biləcək, buradakı nadir tarixi memarlıq abidələri ilə, o cümlədən Şəki xanlarının sarayı ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə mərkəz tərəfindən hələlik iki at ayrılıb. Gələcəkdə tələbat çoxalarsa, atların sayı da artırılacaq.
Təqdimat mərasimindən sonra yerli sakinlər və qonaqlar at üstə gəzməyin ilkin vərdişlərinə yiyələniblər.
Layihə yay turizm mövsümünün sonunadək davam edəcək.