İQTİSADİYYAT


Səkkiz ayda Azərbaycanın beynəlxalq hava limanları 3,81 milyon sərnişinə xidmət göstərib

Bakı, 11 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunun da 85 faizi (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb və ötən ilin analoji göstəricisindən 5,2 faiz çoxdur.

Səkkiz ayda milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət edib.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər olub. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxildir.

Avqustda Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçiriblər.

Hazırda Bakının hava limanına 6 xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNas” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar yerinə yetirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar reallaşdırılır. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.