CƏMİYYƏT
Səkkiz heyvan kəsimi müəssisəsində kəsim qurğuları sökülüb
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 26-da agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı və Gəncə şəhərləri, Abşeron, Quba, Qazax və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar altı heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, səkkiz məntəqədə kəsim qurğuları sökülüb, on bir müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr haqqında http://afsa.gov.az/az/media/news_details/3373linkindən məlumat almaq olar.