REGİONLAR
Sel suları Göyçayda meyvə bağları və əkin sahələrinə ziyan vurub VİDEO
Göyçay, 27 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonu ərazisindən keçən eyniadlı çay gətirdiyi sel ilə bərabər bir çox problemlərə yol açıb, sahilyanı ərazilərdə fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, son günlər yağan güclü yağışlar nəticəsində dağlardan gələn sel suları Göyçay çayının yatağının genişlənməsinə, sahildəki əkinəyararlı torpaqların yuyularaq yarğana çevrilməsinə səbəb olub. Sel suları Bakı-Şamaxı-Yevlax yolunda, Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqlarının kənarındakı torpaq qatını da yuyub.
Rayon sakinlərinin sözlərinə görə, çayda suyun səviyyəsinin artması meyvə bağlarına və digər əkin sahələrinə ziyan vurub. Əvvəllər müəyyən yerlərdə çayın eni 50-60 metr idisə, indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 1-1,5 kilometr məsafəni əhatə edir.
Göyçay Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Lətif Əliyev bildirib ki, sakinləri narahat edən məsələdən xəbərdardırlar. Artıq bu istiqamətdə problemlərin həlli üçün işlərə başlanılıb.