ELM VƏ TƏHSİL
“Selfie” üçün ilk dron ixtira edilib
Bakı, 20 iyul, AZƏRTAC
Əksər foto həvəskarları üçün “selfie” çubuğu uzun müddətdir ki, əvəzedilməz qurğu hesab edilir. Həvəskarlar və peşəkarlar üçün bu qurğusuz fotosessiyanı təsəvvür etmək qeyri-mümkündür. Gündəlik həyatımıza daxil olan bu cür qurğular təkmilləşdirilərək daha qəribə şəkillər alır və daim yeni funksiyalarla təchiz edilir.
AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən, ventilyatorun quraşdırıldığı “selfie” çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, “selfie” çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.
Avstraliyalı ixtiraçı Saymon Kantor “selfie” çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə “Android” və “iOS” əməliyyat sistemləri ilə uyğunluq təşkil edən “selfie” üçün ilk pilotsuz uçan aparat yaradıb. Kiçikölçülü dron saatda 25 kilometr sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin GPS modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir. Bundan başqa, qiyməti 400 ABŞ dolları olan bu qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu fotolar çəkməyə imkan verir.