MƏDƏNİYYƏT
Səlim Xatloni: Azərbaycan və Tacikistan xalqlarını müştərək mədəni köklər və ənənələr bağlayır
Noyabrın 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində IV Beynəlxalq Tələbə Festivalı keçirilib. Artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə azərbaycanlı və xarici tələbələr və jurnalistlər iştirak ediblər.
Tacikistanın ölkəmizdəki səfirliyinin əməkdaşı, festivalda iştirak edən Səlim Xatloni AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “İki ildir ki, Azərbaycanda yaşayır və işləyirəm. Bizim xalqlarımızı ortaq dinimiz, mədəniyyətimiz, adət və ənənələrimiz bağlayır. Ümumiyyətlə hesab edirəm ki, Şərq xalqları həmişə öz ciddi tərbiyəsi, böyüklərə ehtiram, qadınlara hörmət, uşaqlara xüsusi qayğı ilə fərqlənirlər. Bütün bu keyfiyyətlər həm tacik xalqına, həm də Azərbaycan xalqına xasdır. Mənim oğlum Bakıda, orta məktəbin səkkizinci sinfində oxuyur, artıq Azərbaycan dilində yaxşı danışır. Bizim dillərimizdə də oxşar cəhətlər çoxdur. Mən Azərbaycanı çox sevirəm, buradakı dinamik inkişafa heyranam, Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.