CƏMİYYƏT
“SemSan” şirkətinin əlvan metallar sexində partlayış nəticəsində işçinin xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
İyunun 2-də Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Gəncə Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Akif Eyvazovun qaynaqçı işlədiyi Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı üçdəbir hissəsindən travmatik amputasiyası” xəsarəti aldığı müəyyənləşdirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.