SİYASƏT


Səməd Seyidov: AŞPA məruzəsi Azərbaycanın təklif etdiyi bütün reallıqları əks etdirir

Strasburq, 28 sentyabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlərin əksəriyyəti qəbul olundu. Birinci Qarabağ müharibəsi ilə bağlı, xüsusilə də Xocalı soyqırımı, Ermənistanın törətdiyi cinayətlər məruzəyə daxil edilib. Erməni deputatlar çox çalışdılar ki, mane olsunlar, ancaq bacarmadılar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AŞPA-da “Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri” adlı məruzənin müzakirəsindən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, məruzə ətrafında çıxış edənlər ərazilərimizin Ermənistan tərəfindən minalanması məsələsinə toxundular. Qeyd etdilər ki, Ermənistan mina xəritələrini verməlidir. Beləliklə, azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, münaqişə zonasından uzaq olan Azərbaycan şəhərlərinin - Gəncə, Bərdə, Tərtər, Bakının raket atəşinə məruz qalması kimi məsələlər məruzəyə salınıb.

“Azərbaycan həmişə bildirirdi ki, Ermənistanın söylədikləri yalandır, onların dedikləri ilə bağlı faktlar yoxdur. Məruzəçi bu fikri qəbul etdi. Qarabağ Azərbaycan ərazisi olduğu üçün məruzədə Ermənistanın məsuliyyət daşıdığı qeyd edilib. Ümumiyyətlə, Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin 90 faizi qəbul olundu. Xüsusi vurğulamalıyıq ki, proseslərin bu şəkildə davam etməsi erməni lobbisinin istəyinə uyğun gəlmir və onlar tamamilə biabır olurlar”, - deyə S. Seyidov qeyd edib.

Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsində minlərlə azərbaycanlının itkin düşməsi, ermənilərin törətdiyi cinayətlərin araşdırılması, Ermənistanın məsuliyyət daşıması kimi məsələlər də məruzədə yer alıb. Erməni deputatların Şuşa kilsəsinin adını dəyişdirmək cəhdləri qəbul olunmadı.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, əslində, məruzənin qəbulu Ermənistanın məğlubiyyətidir, sənəd Azərbaycanın tələb etdiyi bütün reallıqları əks etdirir.

Məruzənin müzakirəsi zamanı ermənilərin maneçilik törətmək cəhdlərindən söz açan S.Seyidov bildirib ki, sessiyanın sədri dəyişikliklə bağlı eyni fikri 3 dəfə təkrar etdiyini və erməni deputatın bunu hələ də başa düşməyibsə, bunun onun problemi olduğunu deyərək, plenar iclası davam etdirib, ermənilərin cəhdlərinə məhəl qoymayıb.

Artıq beynəlxalq təşkilatlar, AŞPA kimi təsisatlar erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcburdur. Ermənilər bəzi qıcıqlandırıcı sözlərlə heç nəyə nail ola bilməyəcəklər.

“Azərbaycan mövqeyini bildirib, mübarizəni davam etdirəcəyik. Bu gün nümayəndə heyətimizin bütün üzvləri müzakirələrdə fəal iştirak etdilər və ölkəmizin milli maraqları ilə bağlı fikirləri məruzəyə daxil etməyə nail oldular. Ermənilər müxtəlif hiylələrə əl ataraq nəyəsə nail olmaq istəsələr də, artıq reallıq buna imkan vermir.

Əminəm ki, getdikcə Parlament Assambleyasının sessiyalarından bu məsələlər, müzakirələr çıxarılacaq”, - deyə S. Seyidov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.