SİYASƏT


Səməd Seyidov: AŞPA-nın son qərarı Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir

Bakı, 16 may, AZƏRTAC 

Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edir. Lakin bu, o demək deyil ki, Avropa Şurasının həmin strukturlarında ölkəmizə qarşı qərəzli mövqe yoxdur. Mayın 15-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qərar da bu ikili standartların bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təşkilatın Assambleyanın bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı mayın 16-da keçirdiyi mətbuat konfransında söyləyib.

Səməd Seyidov bildirib ki, Avropa Şurasında sağlam qüvvələr olsa da, Azərbaycana qarşı olan qüvvələr, erməni lobbisi ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirirlər. Lakin həmin qüvvələr Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə təsir göstərə bilməyəcəklər. Ermənistan və onun ətrafında olan qüvvələr beynəlxalq arenada Azərbaycana uduzduqları üçün başqa taktika seçirlər. Azərbaycan nümayəndə heyəti AŞPA-da hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldırır, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. AŞPA-da sanksiya tətbiq olunan insanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bu qərəzli addımlar bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir. Azərbaycanın Avropa Şurası ilə çox yaxşı münasibətləri var, ancaq bunu gözü götürməyən qüvvələr ölkəmizi bu yoldan çəkindirmək istəyirlər. Lakin heç kim düşünməsin ki, biz bu meydanı tərk edəcəyik.

S.Seyidov deyib ki, Azərbaycan nümayəndə heyəti rəhbərinin adı bu siyahıya qərəzli şəkildə salınıb. Bu qərəzli sanksiya bizim söz demək imkanlarımıza, hansısa sənədlərin hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz. Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.