SİYASƏT


Səməd Seyidov: Ərazi bütövlüyünü bərpa edən Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirməsi qürurverici məsələdir VİDEO

Roma, 26 noyabr, AZƏRTAC

Öz ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirməsi qürurverici məsələdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin İtaliyaya keçdiyini xatırladan S.Seyidov vurğulayıb ki, İtaliya Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkədir. İtaliya-Azərbaycan münasibətləri hazırda ən yüksək səviyyədədir.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Romada keçirilən Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin iclasında Azərbaycan Parlamentini təmsil etdiyini bildirən S.Seyidov deyib: “Çox əlamətdar məsələ ondan ibarətdir ki, iclasdan əvvəl İtaliya Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Pyero Fassino məni görüşə dəvət edərək fikir mübadiləsi aparmağı təklif edib. Görüşdə P.Fassinoya Azərbaycandakı yeni reallıqlar, Prezident İlham Əliyevin təşəbbüsləri, işğaldan azad edilən Qarabağdakı vəziyyət, burada aparılan tikinti və yenidənqurma işləri, Böyük Qayıdış və Zəngəzur dəhlizi, regiondakı gələcək münasibətlər haqqında məlumatları çatdırdıq. Hesab edirəm ki, bu məsələlərin İtaliyanın ən aparıcı siyasətçilərindən biri olan P.Fassinoya çatdırılması və onun Azərbaycanın mövqeyini diqqətlə dinləməsi çox əhəmiyyətlidir. P.Fassino Qafqazda sülhün tərəfdarı olduqlarını və bir daha heç kimin heç vaxt müharibəyə qayıtmasını istəmədiklərini bildirib. Hesab edirəm ki, biz bu işləri davam etdirməliyik və etdirəcəyik”.

S.Seyidov Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin iclasında da Azərbaycanın həqiqətlərinin, ölkəmizdəki yenidənqurma işləri və islahatlar, ən əsası Böyük Qayıdış haqqında söhbət açacağını bildirib: “Belə bir vəziyyətdə və şəraitdə Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş ölkə kimi Avropa Şurasında fəaliyyətini davam etdirməsi qürurverici məsələdir”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.