MƏDƏNİYYƏT
Səmərqənd Dövlət Universitetində Qənirə Paşayeva ilə görüş təşkil olunub VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüş təşkil olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Səmərqənd Dövlət Universitetinin prorektoru Akmal Axadov ölkələrimiz arasındakı mövcud əlaqələrdən danışıb.
Qeyd edib ki, Səmərqənd Dövlət Universiteti qardaş Azərbaycandan gələn nümayəndə heyətlərini daim yüksək səviyyədə qarşılayır və Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Prorektor vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni əlaqələr üçün yeni imkanlar yaradır, eyni zamanda ali təhsil müəssisələrinin tələbələrinə qardaş ölkələr haqqında daha yaxşı məlumat əldə etməyə kömək edir.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri tədbirlərinin Özbəkistanın Daşkənd şəhəri ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini də əhatə etdiyini bildirib. O, Səmərqəndin ictimai, mədəni həyatında azərbaycanlıların daim aktiv iştirak etdiyini, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu şəhərdə çoxsaylı konsert proqramları, beynəlxalq konfranslar, mühüm tədbirlərin keçirildiyini qeyd edib. Diplomat Mərkəzin layihəsi ilə 2017-ci ildə sözügedən Universitetdə “Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan dostluq mərkəzi”nin yaradıldığını vurğulayıb.
S.Abbasov həmçinin Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Özbəkistana səfərləri, onun səfər təəssüratları haqqında yazdığı “Addım-addım Özbəkistan” kitabı haqqında məlumat verib və fikirlərini bölüşüb.
Milli Məclisin deputatı Qənirə Paşayeva universitetin rəhbərliyini, professor-müəllim və tələbə heyətini, eləcə də bütün iştirakçıları Azərbaycan nümayəndə heyəti adından salamlayaraq, gözəl görüşün təşkili üçün təşəkkür edib. O, Səmərqənddə növbəti dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetdə görüşün təşkilini iki ölkənin təhsil və mədəniyyət işçiləri, əsasən də gənclər arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi, təhsil-elm əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib. Belə əlaqələrdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu minnətdarlıqla vurğulayan Q.Paşayeva dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, Prezidentlər İlham Əliyev ilə Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Q.Paşayeva qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, təhsil və elm sahəsində deyil, istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib. O, Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi və o məsuliyyətli günlərdə özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla vurğulayıb.
Tədbirdə Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının Qran-Pri mükafatçısı, Əməkdar artist tarzən Sahib Paşazadə bir sıra milli musiqilərimizi ifa edib.
Sonda Qənirə Paşayevanın müəllifi olduğu “Qarabağdan doğan günəş: Xurşidbanu Natəvan”, “Qarabağ hekayələri”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitablarının imza mərasimi keçirilib. Nəşrlər özbək tələbələrə hədiyyə olunub.