MƏDƏNİYYƏT
Səmərqənd Dövlət Universitetində keçirilən tədbirdə Azərbaycan-Özbəkistan dostluq əlaqələrindən danışılıb
Səmərqənd, 13 iyun, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi” davam edir.
AZƏRTAC xəbər verir ki, həftə çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın istiqlal mübarizəsinə dair “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, professor Muxtar Nasirov Özbəkistan üçün dost, qardaş bir ölkə olan Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini deyib, ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlər barədə söhbət açıb. O, ilk dəfə olaraq müsəlman Şərqində azad və demokratik respublika quran Azərbaycan xalqının istiqlal bayramını təbrik edib.
Muxtar Nasirov Azərbaycanın mədəniyyətini və incəsənətini özündə əks etdirən mərkəzin ötən il AMM-nin layihəsi ilə Səmərqənd Dövlət Universitetində açıldığını və bu mərkəzin universitetin mədəni həyatında mühüm rol oynadığını, dostluq əlaqələrimizin dərinləşməsi, qardaş Azərbaycan xalqının mədəniyyəti ilə daha yaxından tanış olmaqda böyük imkanlar açdığını söyləyib.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və bu məqsədlə Azərbaycanda, dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini söyləyib.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə baxmayaraq, xalqımız onun ideyalarını yaddaşlarda əbədi yaşadır. O, Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə lentə alınan “Əbədi ezamiyyət” sənədli-bədii filminin o dövrün hadisələrinə geniş işıq saldığını vurğulayıb.
Tədbir bədii proqramla davam edib, milli rəqslərimiz və İlham Abdullayevin ifasında saz havalarımız təqdim edilib.
“Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, habelə Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxsaylı kitab və jurnallar Səmərqənd Vilayətinin Puşkin adına Mərkəzi Kitabxanasına hədiyyə edilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Azərbaycana dair özbək dilində çap olunan 50 adda kitablar da qeyd olunan kolleksiyaya daxil edilib.
Çıxışçılar bildirib ki, Azərbaycanla bağlı bütün tədbirlər Özbəkistanda böyük maraqla qarşılanır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd