ELM VƏ TƏHSİL
Seminar: Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı
Bakı,26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsinə həsr olunmuş seminar keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ-nin rəhbəri Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətin din siyasətinin müəyyənləşdirilməsi istiqamətində gördüyü böyük işlərdən danışıb. Ali təhsil müəssisəsinin rektoru qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnstitutun qarşısına qoyduğu əsas məqsədlərdən biri zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanmasıdır.
C.Məmmədov qeyd edib ki, institut tədrislə yanaşı, ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində də fəal iştirak edir. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, görüşlər təşkil olunur.
Sonra tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə XX əsrdə baş vermiş iki Dünya müharibəsi arasındakı hadisələr təhlil və müqayisə olunub. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətləri geniş şərh edən məruzəçi Cənubi Qafqazda erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsinə də aydınlıq gətirib. Tarixçi bu məsələ ilə bağlı ermənilərin qəbul etdiyi şərt və öhdəlikləri yerinə yetirmədiklərini xüsusi vurğulayıb.
Tədbirdə institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.