REGİONLAR
Seminar: mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir
Qəbələ, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə aparılan ideoloji siyasətin müsbət nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tamhüquqlu vətəndaşı hesab edir. Azərbaycan hazırda dünyanın ən tolerant ölkələrindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə oktyabrın 23-də Qəbələ şəhərində təşkil etdiyi “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminarda səsləndirilib.
Orta məktəb müəllimlərinin, gənclərin, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb, seminarın Qəbələdə təşkilinə görə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilov qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Fondun əsas vəzifəsi mənəvi dəyərlərimizi təbliğ etməkdir. Fond, eyni zamanda, xeyriyyəçilik missiyasını da yerinə yetirir.
Mənəvi dəyərlərin təbliğində azərbaycançılıq ideologiyasının əsas yer tutduğunu vurğulayan Mehman İsmayılov qeyd edib ki, bu ideologiyanın yayılmasına hələ 100 il əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəhd göstərilmişdi. Lakin azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin sayəsində təşəkkül tapıb. Ulu Öndərin milli-mənəvi dəyərlərlə bağlı siyasətində azərbaycançılıq ideologiyası əsas yer tuturdu. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bakı Dövlət Universitetinin mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, professor Anar İskəndərov Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərdən birinin - Albaniyanın tarixini xatırladaraq, Qəbələdə yerləşən bu dövlətin tərkibində 20-dən çox xalqın nümayəndəsinin yaşadığını diqqətə çatdırıb. Bildirilib ki, XIX əsrin ortalarından başlayaraq həmin dövrün tanınmış ziyalıları Azərbaycan, azərbaycanlı sözünü, Azərbaycan dilini dirçəltmək üçün böyük işlər görüblər. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi bu yolun yorulmaz yolçuları olublar.
Seminarda, həmçinin rayonun Zarağan kənd 2 saylı tam orta məktəbinin müəllimi Gülsəfa Ərzumanovanın mövzu ilə bağlı çıxışı dinlənilib.