ELM VƏ TƏHSİL


Seminar-məşğələ: Yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları

Bakı, 12 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının ikinci xüsusi şöbəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə (MM) Qoşunlarının Tibb xidmətinin birgə təşkilatçılığı ilə “Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları” mövzusunda seminar-məşğələ keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri iştirak ediblər.

Tədbiri açan şöbə rəisi Eldar Quliyev 2019-cu ilin 6 ayı ərzində AMEA-nın MM tədbirlər planına uyğun olaraq akademiya əməkdaşlarına fövqəladə hadisələr zamanı davranış qaydalarının öyrədilməsi istiqamətində bir sıra tədbirlər keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın tanınmış alimləri mütəmadi seminarlara dəvət olunaraq “Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti”, “Nüvə energetikası və təhlükəsizlik problemləri”, “Son vaxtlar Azərbaycan ərazisində baş verən endogen və ekzogen proseslər” mövzularında akademiya əməkdaşlarını maarifləndiriblər.

Eldar Quliyev mülki müdafiə sistemi qarşısında duran ən çətin vəzifələrdən birinin sülh və müharibə dövründə fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi olduğunu deyib. O, fövqəladə hallar zamanı zədələnmiş insanlara kömək etmək, onlara ilkin tibbi yardım göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu söyləyib. Bildirib ki, hadisə yerində və yaxınlığında olan insanın qəzaya düşmüş şəxslərə cəld, çevik və effektiv yardım göstərməsinin həyati əhəmiyyəti böyükdür.

Tədbirin mövzusuna toxunan şöbə rəisi bu istiqamətdə FHN-nin MM Qoşunlarının Tibb xidməti ilə sıx əməkdaşlıq etdiklərini və silsilə tədbirlər keçirdiklərini diqqətə çatdırıb.

Seminarda FHN-nin MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülovun “Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları” mövzusunda məruzəsi dinlənilib. O, yaralanma hallarının nəqliyyat və sənaye qəzaları, kriminogen hadisələr, döyüş əməliyyatları, təbii fəlakətlər, məişət alətləri ilə ehtiyatsız davranma və s. nəticəsində baş verdiyini söyləyib. Qeyd edib ki, istənilən zədə ağrı, şişkinlik, dərinin zədələnməsi və infeksiya ilə müşayiət olunur. Elçin Əligülov, həmçinin kəllə-beyin, üz və onurğa yaralanmaları və bu zaman davranış qaydaları haqqında məlumat verib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.