ELM VƏ TƏHSİL
Seminarda bədən tərbiyəsi və idman ixtisaslarına qəbulun nəticələri müzakirə edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən bədən tərbiyəsi və idman istiqaməti üzrə elmi-metodiki seminar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminar bu istiqamət üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ixtisasları, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üçün qəbul imtahanlarına həsr edilib.
Seminarda müvafiq təhsil müəssisələrinin müəllimlərdən ibarət işçi qrupu və qabiliyyət imtahanları üzrə sektorun əməkdaşı Ziyafət Mustafayeva iştirak edib.
Seminarda 2018/2019-cu tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarında bədən tərbiyəsi və idman istiqamətinin ixtisaslarına qəbulun nəticələri müzakirə edilib, təkliflər irəli sürülüb.
İclasda bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının mövcud qiymətləndirilmə meyarları müzakirə olunub. Müzakirələrin yekunu olaraq həmin meyarların təyin edilmiş işçi qrupu tərəfindən yenidən işlənməsi tövsiyə edilib.
Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, 2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin V qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yeni təhsil proqramı (kurikulum) əsasında qəbul imtahanı (XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak edirlər) keçiriləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən V qrupun bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları üzrə yeni qəbul modelinə uyğun olaraq təklif edilən müsabiqə şərtləri seminar iştirakçılarına təqdim edilib, bu barədə müzakirələr aparılıb. Müsabiqə şərtləri təsdiq edildikdən sonra bu haqda məlumat DİM-in internet saytında yerləşdiriləcək.
İşçi qrupu tərəfindən qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri işlənib hazırlandıqdan sonra təsdiq olunaraq “Abituriyent” jurnalının müvafiq sayında və jurnalın xüsusi buraxılışı olan "Bədən tərbiyəsi və idman" metodiki vəsaitində dərc ediləcək.