CƏMİYYƏT
Seminarda immun sistemlə assosiasiya olan müxtəlif patoloji vəziyyətlər müzakirə edilib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “İmmun sistemlə assosiasiya olan müxtəlif patoloji vəziyyətlər” adlı seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarı giriş sözü ilə Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Samir Allahverdiyev açaraq müzakirə predmetinin aktual olduğunu bildirib. Direktor müavini deyib: “İmmun sistemi orqanizmi ətraf mühitdən daxil olan yad və zərərli amillərdən, mikrob və viruslardan qoruyan xüsusi müdafiə mexanizmi, eyni zamanda orqanizmi zədələnmiş, mutasiyaya uğramış və şiş hüceyrələrdən “təmizləyən” bir sistemdir. Onun orqanizmin digər sistemləri ilə sıx əlaqəsi olduğundan, baş verən hər hansı patoloji prosesdə yerli və ümumi immun sistemi böyük rol oynayır. İmmunitetlə assosiasiya olunmuş vəziyyətlər bir çox xəstəliklərin kliniki əlamətləri ilə də başlaya bilər. Ona görə də immun göstəriciləri xəstəliyin həm erkən, həm də dəqiq həlledici diaqnostik meyarları sayılır”.
Elmi tədqiqat immunologiya laboratoriyasının əməkdaşları son 7 il ərzində apardığı tədqiqatların nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırıblar. Professor Gülnarə Nəsrullayeva məruzəsində immundefisitlərin tibbin çoxşaxəli problemi olduğu və müasir immun diaqnostikanın imkanları barədə danışıb.
Seminarda çıxış edən həkim Vəfa Məmmədova yenidoğulmuşlarda immun patologiyanın erkən dövrdə şübhə altına alınan səbəblərini göstərib, vaxtında qoyulan diaqnozun xəstələrin həyat keyfiyyətini yaxşılaşdırdığını bildirib. Qeyd olunub ki, xəstələrdən düzgün yığılmış ailə anamnezi və erkən aparılan immunoloji müayinədə aşkar olunan ciddi çatışmazlıqlar körpədə anadangəlmə immun patologiya olduğunu müəyyən etməyə imkan verir.
Digər məruzə immundefisitli xəstələrdə ən çox rast gəlinən respirator virus infeksiyalarının müalicə və profilaktika tədbirlərinə həsr olunub.
Böyük maraqla qarşılanan seminar müzakirələrlə davam edib.