ELM VƏ TƏHSİL
Seminarlarda qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb
Bakı, 15 mart, AZƏRTAC
Martın 11–dən 15-dək Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodik seminarlar keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ingilis dili fənnindən keçirilən elmi-metodik seminarda Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova 6-cı sinif “English” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Kimya fənnindən keçirilən elmi-metodik seminarda fevralın 10-da IV ixtisas qrupu üzrə keçirilən sınaq imtahanında istifadə olunmuş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Fizika fənni üzrə elmi-metodik seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbli 6-cı sinif “Fizika” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının, rus dili (rus bölməsi) fənnindən keçirilən seminarda Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin müəllimi Rəna İsayeva 6-cı sinif “Rus dili” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında, biologiya fənnindən keçirilən seminarda Turan Məmmədxanlı 10 və 11-ci sinif “Biologiya” dərsliklərinin məzmunu haqqında təqdimatla çıxış ediblər.
Azərbaycan dili, tarix, coğrafiya, riyaziyyat fənləri üzrə elmi-metodik seminarlarda fevralın 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarlarda sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Dərsliklərin müzakirəsi nəticəsində oradakı mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.