REGİONLAR
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Şəmkir rayonu ərazisindəki yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol əsasının tikintisi işləri aparılıb və asfaltlanma işlərinə başlanılıb. Bundan başqa, avtomobil yolunun 9-cu kilometrindəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri görülüb. Belə ki, körpünün dayaqları bərkidilib, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilib, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa olunub, səkilər təmir edilib, məhəccərlər dəyişdirilib.
Tikinti norma və standartlarına uyğun olaraq, 2600 kvadratmetr sahədə yol birləşmələri təmir edilib, hərəkətin normal təşkili üçün 30 kilometr yolgöstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.