CƏMİYYƏT
Şəmkir Bilik Evi Heydər Əliyev Mərkəzində Tolerantlıq Gününü qeyd edib
Bakı, 10 noyabr, AZƏRTAC
Şəmkir Heydər Əliyev Mərkəzində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir Bilik Evinin direktoru, Milli Məclisin deputatı Sona Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ziyalılar, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri və gənclər iştirak ediblər.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildən UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladan S.Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Bildirilib ki, Ümummilli Liderin səyləri nəticəsində ölkəmiz bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Prezident İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir.
Digər çıxış edənlər Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və müxtəlif dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildiriblər. Qeyd edilib ki, Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də multikultural ənənələr tarixən qorunur, burada yaşayan bütün xalqların nümayəndələrinə daim hörmət göstərilir.