ELM VƏ TƏHSİL


Şəmkir Bilik evinin dərnək üzvləri Bakıda

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Şəmkir Bilik evində fəaliyyət göstərən “Dekorativ tətbiqi sənət” dərnəyinin fəal üzvləri Məryəm Pənahova, Arzu Bayramova, Nərmin Bayramova, dərnək rəhbəri Sona Məhərrəmova və kiçik mütəxəssis Hicran Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə paytaxta səfər ediblər. Fondun sektor müdiri Xatirə Hüseynovanın iştirakı ilə onlar AzTV-nin “Səhər” musiqili-informasiya proqramının qonağı olublar. Dərnək üzvləri, həmçinin fondun rəhbərliyi və əməkdaşları ilə görüşüblər.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə dərnək məşğələlərinin daha məzmunlu və səmərəli təşkili, dərnək üzvlərinin təcrübəli mütəxəssislər və tanınmış sənətkarlarla görüşlərinin keçirilməsi, dekorativ tətbiqi sənət ustalarının Bilik evində ustad dərslərinə cəlb edilməsi, istedadlı gənclərin yaradıcılıq sərgilərinin müxtəlif bölgələrdə təşkili ilə bağlı məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

Şəmkirli gənclər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında xüsusi maraq göstərdikləri dekorativ tətbiqi sənət sahəsinə dair kitablarla tanış olub, bu sənətin tarixi və müasir durumu barədə dolğun məlumatlar əldə ediblər.

Fəaliyyətinin ikinci ili tamam olan Şəmkir Bilik evi Bilik Fondunun dəstəyi ilə bir çox layihələrə imza atıb, əhalinin maarifləndirilməsi, yerli gənclərin elmi biliklərə marağının artırılması, dünyagörüşünün genişləndirilməsi, asudə vaxtının mənalı və səmərəli təşkili məqsədilə maraqlı tədbirlər keçirib. Rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Bilik evinin təşkilati dəstəyi ilə şəhər və kənd məktəblərində, idarə və müəssisələrdə yerli ziyalılar və gənclərin iştirakı ilə elmi biliklərin müxtəlif sahələri üzrə 40-dək mühazirə və təlim keçirilib, elmi-praktiki konfranslar və “dəyirmi masa”lar, kitab təqdimatları və film nümayişləri, intellektual müsabiqələr təşkil olunub.

Bilik evində ödənişsiz təlim kursları və dərnəklər yerli gənclər tərəfindən xüsusi maraqla qarşılanır. Bu günə kimi fəaliyyət göstərmiş “Kompüter texnologiyaları və kargüzarlıq işi” təlim kursunun, “İngilis dili”, “Rus dili”, “Toxuculuq” və “Dekorativ tətbiqi sənət” dərnəklərinin 100-dən çox dinləyici və üzvlərinə Bilik Fondunun sertifikatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.