REGİONLAR
Şəmkir kənd seçki dairəsində referenduma hazırlıq işləri başa çatmaq üzrədir
Şəmkir, 17 sentyabr, Famil Quliyev, AZƏRTAC
99 saylı Şəmkir kənd seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının “Təqvim planına” uyğun aparılır.
Dairə seçki komissiyasının sədri Rafiq Məmmədov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 39 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 41 min 683 seçici qeydiyyatdadır. Onlardan 225 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. 80-100 yaş arası seçicilərin sayı 982 nəfər, yüz yaşından yuxarı seçicilərin sayı isə 5 nəfərdir. Dairə üzrə ən yaşlı seçici 8 saylı məntəqədə səs verəcək Dəllər qəsəbə sakini 121 yaşlı Qasımova Yasəmən Məmməd qızıdır.
Dairənin bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması, eləcə də məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər keçirilib.
Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərəçarpacaq yerdə asılıb.
Dairədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb və paylanılmasına başlanılıb. Səsvermənin gedişini izləmək üçün 401 yerli müşahidəçi qeydiyyata alınıb.