REGİONLAR
Şəmkir məktəblisi: Tur-aksiyalar biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan verir
Zaqatala, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə ekskursiyada iştirak edən Şəmkir rayonunun Şiştəpə kənd tam orta məktəbin 11-ci sinif şagirdi İbrahim Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində layihənin məktəblilər üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.
Səfərlə bağlı təəssüratlarını bölüşən Şəmkir məktəblisi deyib: “Tur-aksiyalarda ilk dəfədir iştirak edirəm. Prezident Ilham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihə məktəblilərin hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə çox yaxşı təsir göstərir, şagirdlərə ölkəmizi daha yaxından tanımağa imkan verir. Mən özüm şimal-qərb bölgəsinə ilk dəfədir səfər edirəm. Qəbələnin, Şəkinin, Zaqatalanın Heydər Əliyev mərkəzlərində olduq, tarixi məkanlarını ziyarət etdik, görməli yerlərini gəzdik, ölkəmiz haqqında biliklərimiz daha da zənginləşdi. Gənclərin intellektual inkişafı və bölgələrimizi daha yaxından tanımaq üçün yaradılan bu gözəl şəraitə görə Şəmkir məktəbliləri adından Prezidentimizə minnətdarlığımızı bildirir və belə layihələrin davamlı olmasını arzulayırıq”.