REGİONLAR
Şəmkir: ötən il istehsal olunan 111 min ton pomidorun 70 faizindən çoxu Rusiyaya ixrac edilib
Şəmkir, 10 fevral, Famil Quliyev, AZƏRTAC
2017-ci ildə Şəmkir rayonunda 600 milyon 295 min manatlıq, əvvəlki ildəkindən 21,4 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 20,8 faiz artaraq 2799 manat təşkil edib. Sənayedə 36,7 faiz, kənd təsərrüfatında 29,6 faiz çox məhsul istehsal olunub, pullu xidmətlərin həcmi 7,8 faiz, əmtəə dövriyyəsinin həcmi 10,7 faiz artıb, 75 milyon manatlıq tikinti işləri görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar fevralın 10-da Şəmkir Heydər Əliyev Mərkəzində rayonun ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində səsləndirilib.
Bildirilib ki, 2017-ci ildə 1680-i daimi olmaqla, 4258 yeni iş yeri açılıb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 142 milyon 370 min manat investisiya qoyulub. Prezident İlham Əliyevin 2017-ci il avqustun 20-də Şəmkir rayonuna səfəri zamanı açılış mərasimində iştirak etdiyi “Şəmkir Aqropark”ın logistika mərkəzində 9 min ton xurma qəbul olunub və həmin məhsulun 4800 tonu xarici bazarlara göndərilib.
Məruzədə vurğulanıb ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında hazırda 56 toxucu, 10 inzibati-təsərrüfat işçisi çalışır. Müəssisədə 2017-ci ildə yüksək keyfiyyətli 90 ədəd xalça istehsal olunub. Hesabat dövründə Çinarlı bələdiyyəsinin təsis etdiyi “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə “Yaşıl market” istifadəyə verilib. “Yaşıl market”də 500-ə yaxın yeni iş yeri yaradılıb. Mövsüm ərzində isə bazarda işləyənlərin sayı 1500 nəfərə çatır.
Şəmkir rayonunun Mehrili kəndinin ərazisində Şəmkir çayının sahilində “Azfarel” MMC-nin balıq yetişdirmə və emalı müəssisəsinin tikintisi sürətlə davam etdirilir. İş adamı tərəfindən rayon ərazisində 10 min tonluq buğda saxlama anbarının və sutkalıq istehsal gücü 200 ton olan un fabrikinin tikintisinə başlanılıb.
Bildirilib ki, Şəmkir ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Ötən il rayonda 41 min 561 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 129 hektar sahədə taxıl əkilib. Taxıl sahələrindən 43 min 152 ton məhsul götürülüb. Rayonda bostan, tərəvəz və meyvə istehsalında da yüksək məhsuldarlıq əldə olunub. 1203 hektar şəkər çuğunduru sahəsindən 24 min 750 ton, 6489 hektar kartof sahəsindən 114 min 80 ton, 6322 hektar tərəvəz sahəsindən 228 min 331 ton, 260 hektar bostan sahəsindən 5897 ton, 3130 hektar meyvə bağlarından 60 min 473 ton məhsul yığılıb.
Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, rayonda barama istehsalı üzrə də mühüm işlər görülür. 2017-ci ildə 5069,6 kiloqram barama istehsal olunaraq, “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib. Barama istehsalını genişləndirmək məqsədilə 74 min ədəd tut tingi əkilib.
Məruzə və çıxışlarda diqqətə çatdırılıb ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında istixanalar mühüm rol oynayır. Bu gün Şəmkir rayonunda 923 hektar sahədə istixanalar fəaliyyət göstərir. Hazırda rayondakı istixanalarda 5987 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir. Mövcud istixanaların 608 hektarında pomidor, 119 hektarında xiyar, 129 hektarında faraş kartof, 64 hektarında göyərti, 1,36 hektarında isə çiyələk yetişdirilir. İstixanalarda yetişdirilmiş 111 min ton pomidor məhsulunun 70 faizindən çoxu Rusiya bazarlarına ixrac olunub.
Bundan başqa, “Şəmkir Aqropark”ın ardınca, region üçün mühüm əhəmiyyətə malik olan yeni “Ceyrançöl Aqroparkı”n yaradılması istiqamətində də bir sıra işlər görülüb. “Ceyrançöl Aqropak” üçün 10 ədəd traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşını və qoşqu avadanlıqları alınıb, 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsey” şirkətinin istehsalı olan 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb. 2018-ci ilin məhsulu üçün 3 min hektar sahəyə Almaniyadan gətirilmiş yüksək məhsuldar buğda toxumu səpilib.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işlər də ətraflı təhlil olunub.
Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrdən söz açıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Hesabat yığıncağında Prezident İlham Əliyevə müraciət qəbul olunub.