CƏMİYYƏT
Şəmkir rayon sakininə odlu silahdan atəş açılması ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Bakı, 17 avqust, AZƏRTAC
Şəmkir rayonunun Dəllər-Cırdaxan kənd sakini Asif Muradova mayın 4-də odlu silahdan atəş açılması nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Şəmkir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin həmkəndlisi Famil Muradovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Asif Muradovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Avqustun 13-də cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.