REGİONLAR
Şəmkirdə “AzAqro” MMC-nin istixanasında bir hektardan 130 tondan çox pomidor istehsal olunur
Şəmkir, 28 noyabr, Famil Quliyev, AZƏRTAC
İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur. Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunmaqla Şəmkirdə inşa olunmuş istixanada belə məhsul yetişdirilir.
İstixana tam avtomatlaşdırılaraq, bütün mikroiqlim şəraiti kompüterlə təmin olunub. Lazımi iqlim parametrləri kompüterə verilir. İstənilən hava şəraitində bitkinin inkişafı təmin olunur. Hazırda Şəmkirdə fəaliyyət göstərən “AzAqro”MMC-nin bir hektar ərazidə tərəvəz yetişdirən istixanasında həm daxili, həm də xarici bazarda özünə yer tutan çəhrayı rəngdə, ətli pomidorun yığım vaxtıdır.
“Az Aqro”MMC-nin baş aqronomu Əli Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İstixana kompleksində gül ilə bərabər tərəvəz də yetişdiririk. Toxumu torpağa vurmaqdan tutmuş, onu basdırmaq, becərmək, məhsul alıb çeşidləyənə kimi bütün proseslər burda baş verir. Ortalama hesabla təxminən bir vegetasiya dövründə hektardan təxminən 130-150 ton məhsul əldə edə bilirik. Bu isə o deməkdir ki, bir şitil kolundan 7-8 kiloqram məhsul əldə olunur. Bu təbii ki, mövsümündən və hava şəraitindən də asılıdır. Pomidorun maya dəyərini azaltmaq məqsədilə istixanada pomidor şitilini də özümüz yetişdirir. Bütün işlər istixanada avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Burada xüsusi kompüter proqramı əsasında 24 saat rejimə nəzarət olunur”.