REGİONLAR


Şəmkirdə COVID-19 pandemiyasına qarşı vaksinasiyaya start verilib VİDEO

Şəmkir, 21 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Ölkəmizin digər bölgələrində olduğu kimi, Şəmkir rayon sakinləri də COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında yaradılan 4 vaksin otağında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, 65 yaşdan yuxarı şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətə könüllülük əsasında vurulacaq.

Vaksinin əhəmiyyəti ondan ibarətdir ki, insanları immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır. Bütün bunlar isə səhiyyə sisteminə düşən yükü azaldacaq.

Tibb işçisi Sevda Məmmədova bildirib ki, vaksinasiyaya çox müsbət yanaşır: “Peyvənd olunanlar arasında mən də varam. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatlığım yoxdur. Dövlətimiz sağ olsun ki, əhalinin sağlamlığı üçün belə gözəl addım atıb, insanlar pulsuz peyvəndlə təmin olunurlar”.

Digər həkim Coşqun Yusibov isə deyir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olur. “Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mənəm. Vaksin vurulduqdan sonra hər hansı yan təsir görmədim. Çox yaxşıyam”, – deyə o qeyd edib.

Tibb işçiləri ilə yanaşı, risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları da, ilk növbədə, əks-epidemik tədbirlərə cəlb olunacaqlar.

Gündəlik olaraq rayon mərkəzi xəstəxanasında 150-200 nəfərə peyvəndin ilk dozasının vurulması planlaşdırılır. İkinci doza isə 21 gündən sonra tətbiq olunacaq.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yusif Quliyevin sözlərinə görə, rayonda vaksinasiya uğurla icra olunur. “Mən də peyvənd olunmuşam, heç bir yan təsiri yoxdur. Təlimata əsasən ilkin olaraq biz səhiyyə işçilərini vaksinasiyaya cəlb etmişik. Çünki ən böyük risk qrupuna səhiyyə işçiləri daxildir”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.