CƏMİYYƏT
Şəmkirdə “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq, aprelin 5-də Şəmkir Sərhəd Dəstəsində “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, seminardan əvvəl hərbi qulluqçular və qonaqlar hərbi hissədəki Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahangir Əlifzadənin iştirakı ilə keçirilən seminarda dini radikalizmin və ekstremizmin təbliğat metodları, onların törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib. Belə əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlərin müsbət nəticələrindən danışılıb. Eyni zamanda, respublikamızda hökm sürən sabitliyi gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən keçən ilin iyulunda Gəncədə ictimai asayişi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.
Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
Sonda dini radikalizmin və ekstremizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.