CƏMİYYƏT
Şəmkirdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, dekabrın 7-də Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirdə çıxış edərək ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
“Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digərləri regionun ən qüdrətli ordu olan Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızı azad etməyə daim hazır olduğunu qeyd ediblər.
Mərasimdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ müharibəsi veteranı, çağırışaqədərki hazırlıq rəhbəri, çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagird, nümunəvi xidmət edən əsgərlər mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Şəmkir rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.