REGİONLAR
Şəmkirdə “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub
Şəmkir, 7 fevral, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Bilik Evində Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabın təqdimatında müəlliflə yanaşı, Milli Məclisin deputatı Sona Əliyeva, təhsil işçiləri, tarixçilər, rayonun fəal gəncləri iştirak ediblər.
Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək Oleq Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə təşəkkürünü bildirib.
Qeyd edib ki, O.Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biridir. Uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.
Tədbirdə çıxış edən müəllif onun əsərlərinə göstərilən diqqət və qayğıya görə şəmkirli oxuculara minnətdarlığını bildirib.