Şəmkirdə avtoxuliqanlıq edən şəxslər barəsində protokollar tərtib olunub
AzerTAg.az
Bakı, 7 sentyabr, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakinləri Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə beş ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq ediblər. Onların yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bunları videogörüntüyə alaraq müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.
Saxlanılan şəxslər barəsində Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.





Xəbərin mətnində orfoqrafik səhv var