REGİONLAR
Şəmkirdə bələdiyyələr üçün seminar
Şəmkir, 13 may, Famil Quliyev, AZƏRTAC
Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir.
Bu məqsədlə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Şəmkir Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətov, Ədliyyə Akademiyasının vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov, Ədliyyə Akademiyasının cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, ədliyyə müşaviri Mətanət Əsgərova iştirak ediblər.
Seminarda Ədliyyə Akademiyasının əməkdaşları “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu"nda yeniliklər və tələblər, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.