CƏMİYYƏT
Şəmkirdə evdən xeyli miqdarda qızıl və nağd pul oğurlamış şəxs saxlanılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Şəmkir rayonunun qadın sakini sentyabrın 2-də rayon polis şöbəsinə müraciət edərək mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyənləşdirilərək saxlanılıb. Saxlanılan P.Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti öncədən planlaşdırdığını deyib. O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.