REGİONLAR
Şəmkirdə kənd turizminin inkişafı ilə bağlı layihə təqdim olunub
Şəmkir, 28 iyul, AZƏRTAC
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SYNERGY Fond” qeyri-hökumət təşkilatı tərəfindən “Şəmkir rayonunda kənd əhalisinin sahibkarlıq imkanlarının inkişaf etdirilməsi” layihəsinin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, “Şəmkir Kapital Qrup”un baş direktoru Araz Paşayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Ramin Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, “Kənd Yaşıl Turizm” İctimai Birliyinin sədri Qəhrəman Usubov iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycanda kənd turizminin potensialının inkişafına dəstək olmaq üçün Şəmkir rayonunda “Kəndə gəl” pilot layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi kənd turizminin inkişafında kiçik və orta sahibkarların fəaliyyətini artıraraq, turizm sahəsində kəndlərin rolunu yüksəltməkdir. Bu yerlərin tanıdılması və turistlərin istifadəsinin asanlaşdırılması üçün kendegel.az yeni veb-saytı istifadəyə veriləcək. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin tur menecerlərinə bu yerlərin turizm potensialının əyani göstərilməsi üçün infotur təşkil olunacaq.