REGİONLAR


Şəmkirdə müasir suvarma sistemindən geniş istifadə edilir VİDEO

Şəmkir, 25 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Kanalların beton üzlüklə döşənməsi və tətbiq olunan yeniliklər su itkisinin qarşısının alınmasında mühüm rol oynayır. İndi fermerlər müasir suvarma üsullarından istifadə etməklə, su problemini həll edir, eyni zamanda, bunun sayəsində bol məhsul yetişdirirlər.

AZƏRTAC xəbər verir ki, şəmkirli fermer Ozal Qasımlı da bir çoxları kimi, təsərrüfatında müasir suvarma üsulundan istifadə edir. Bu isə suya qənaət deməkdir. Təsərrüfat sahibi Sudan İstifadə Birliyi ilə müqavilə bağlayaraq sudan vaxtlı-vaxtında istifadə edə bilir. Su kanalı onun təsərrüfatının yaxınlığından keçdiyinə görə, ehtiyat mənbə kimi su anbarı da yaradıb.

Suvarma suyu ilə bağlı çətinliyinin olmadığını deyən Ozal Qasımlı Seyfəlli kəndində 27 hektar sahədə bağ salıb. “14 hektar şaftalı bağım var, 2 hektar da moruq bağı salmışam. Bağlarda damcı suvarma sistemindən istifadə edirik. Ona görə sudan heç bir çətinlik çəkmirik. Su anbarımız da doludur”, - deyə o bildirib.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Suvarma Sistemləri İdarəsi 40 min 500 hektar sahəyə xidmət edir. Həmin sahələrin suvarılması üçün dörd mənbədən istifadə olunur. Bunlar Şəmkirçay və Zəyəmçay su anbarları, Maşın kanalı və subartezian quyularıdır. O cümlədən idarənin balansına 16 nasos stansiyası daxildir. Nasos stansiyalarının bəzilərində videomüşahidə kameraları quraşdırılıb.

Qurumun nümayəndəsi Bakir Allahyarov qeyd edib ki, Şəmkirçay su anbarından 12509 hektar, Maşın kanalından 6549 hektar, Zəyəmçay vasitəsilə 7000 hektar sahəni suvarmaq üçün istifadə olunur. Daxili nasoslar vasitəsilə 4500 hektar sahə suvarılır. Yerdə qalan sahələrin suvarılmasında subartezian quyularından istifadə olunur. Həmin sahələrin suvarılması üçün 926 kilometr kanallar var. Bu kanallardan 26,8 kilometri beton kanallardır.

Rayonun Könüllü və Seyidkənd kəndlərinin 1500 hektardan çox sahəsində qapalı suvarma sistemlərindən istifadə olunur. Su 20 kilometrdən çox məsafədə yeraltı borular vasitəsilə nəql olunur. Hazırda Könüllü kəndində quraşdırılan nasos stansiyası yenidən qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.