REGİONLAR
Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edənlər saxlanılıb
Şəmkir, 22 fevral, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və baş verə biləcək qəzaların qarşını almaq məqsədi ilə rayon ərazisində profilaktiki-monitorinq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçirilən sonuncu belə monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Qayda pozanlar arasında 4 sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E. Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R.Muradov 8 ay müddətinə sürüclük hüququndan məhrum, A.Əsgərzadə və V.Alsanov isə müxtəlif məbləğlərdə cərimə ediliblər.