SİYASƏT
Şəmkirdə rayonun fəal gəncləri ilə görüş keçirilmişdir
Şəmkir, 20 dekabr (AZƏRTAC). Şəmkir Rayon İcra Hakimiyyətində rayonun fəal gəncləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə bu gün Şəmkirdə 50 min nəfərdən artıq gəncin olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu gənclərin bir qismi dövlət qulluğunda, bir qismi isə müxtəlif peşələrdə fəaliyyət göstərir. Son bir neçə ildə 20-dən çox gənc rayon icra hakimiyyətində işə qəbul olunmuşdur.
Rayon gənclərinin ideya-siyasi tərbiyəsinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdıran görüş iştirakçıları bildirmişlər ki, onların sağlam ruhda inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə istifadəyə verilmiş Olimpiya İdman Kompleksində yüzlərlə gənc idmanın müxtəlif növləri ilə məşğul olur.
Hazırda rayonda yeni Gənclər mərkəzinin, şahmat məktəbinin tikintisində işlər sürətlə davam etdirilir.
Görüşdə çıxış edən rayon gəncləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq etmiş və etimadı doğrultmaq üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlarına söz vermişlər.
Gənclərin arzu və təklifləri dinlənildikdən sonra 2012-ci ili yaddaqalan nailiyyətlərlə başa vuraraq müxtəlif beynəlxalq yarışlardan Şəmkirə 50-dən artıq medal gətirən, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.