CƏMİYYƏT
Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Bakı, 8 aprel, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, koronavirus testinin nəticəsi pozitiv çıxan Şəmkir rayon sakini Musa İsayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Faktla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.